OKİ Hospital

Klinika xəbərləri

Qavriil İlizarov - 100

Tədbir çərçivəsində "İlizarov aparatı"nı əks etdirən abidənin açılışı nəzərdə tutulmuşdur.

15 iyun 2021-ci il tarixində OKİ klinikasında ortopediya dahisi, görkəmli həmyerlimiz, dünya şöhrətli cərrah-ortoped, akademik Qavriil İlizarovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Tədbir çərçivəsində minlərlə insanı sağlamlıqlarına qovuşduran "İlizarov aparatı"nı əks etdirən abidənin təntənəli açılışı nəzərdə tutulmuşdur.


1921-ci il iyunun 15-də anadan olmuş dünya şöhrətli alim, cərrah-ortoped, tibb elmləri doktoru, SSRİ-nin “Əməkdar ixtiraçı”sı, Sosialist Əməyi Qəhrəmanı, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Qavriil Abramoviç İlizarovun adı travmatologiya və ortopediya elmi sahəsinə qızıl hərflərlə yazılmışdır. Uşaqlığı və yeniyetməlik dövrü Azərbaycan Respublikasının Qusar şəhərində keçmişdir. Transsümük osteosintez müalicə üsulunun banisi olan Qavriil İlizarov rayon xəstəxanası həkimindən Kurgan Rekonstruktiv Travmatologiya və Ortopediya Elmi Mərkəzinin direktoruna qədər yol keçmişdir.


Klinik və eksperimental ortopediya və travmatologiya, biomexanika problemləri üzrə 3 monoqrafiya, 194 ixtira, 13 xarici patent daxil olmaqla 600-dən çox elmi əsərin müəllifidir. Lenin Mükafatı laureatı (1978), Sosialist Əməyi Qəhrəmanı (1981) olmuş, çoxsaylı orden və medallarla təltif edilmişdir. Travmatologiya, ortopediya, dayaq-hərəkət aparatının kliniki fiziologiyası üzrə mütəxəssis Q.İlizarov 1952-ci ildə kompressiya-distraksiya aparatını  yaratmışdır. Azərbaycanda Q.A. İlizarov yolunun xeyli sayda peşəkar davamçıları-tələbəbələri vardır. Son Qarabağ müharibəsi dövründə travmatoloji yardımın göstərilməsində İlizarov aparatından geniş istifadə olunmuş, yaralıların sağalmasında o, böyük rol oynamışdır. Qavriil Abramoviç İlizarov  1992-ci il iyulun 24-də Kurqan şəhərində vəfat etmişdir