OKİ Hospital

Klinika xəbərləri

İlizarov aparatına həsr olunmuş abidənin açılışı

Bu gün, iyunun 15-də, "OKİ" klinikasının təşkilatçılığı ilə Qusar şəhərində İlizarov aparatına həsr olunmuş abidənin təntənəli açılış mərasimi keçirilmişdir.

İyunun 15-də Qusar şəhərində İlizarov aparatına həsr olunmuş abidənin təntənəli açılış mərasimi keçirilmişdir.

Tədbir dahi ortoped, professor Qavriil Abramoviç İlizarovun 100 illiyinə həsr olunmuşdur. Məhz bu insan bədən hissələrini idarə edən təbiət qanunlarını bir həkim kimi ram etməyə, əl və ayaqları sıxaraq və uzadaraq onların şəklini dəyişməyə müvəffəq olmuşdur, bu işi öz həyatının hədəfinə çevirmişdir. Onun kəşf etdiyi qanunlar milyonlarla şikəst və xəstə insanın canını qurtaran nadir texniki üsullarda öz əksini tapmışdır. Bu qanunların həyata keçməsində əsas vasitəçi rolunu isə sonradan müəllifin adı ilə tanınan və sümüklərin xarici fiksasiya üsulu ilə bərpasını təmin edən dünyaca məşhur İlizarov aparatı oynamışdır.

Abidənin məhz burada, Qavriil İlizarov və Fəxrəddin Musayev küçələrinin kəsişməsində ucaldılması xüsusi bir məna daşıyır. Qavriil Abramoviçin adı Qusar şəhəri ilə sıx bağlıdır; onun uşaqlıq illəri burada keçmiş, uşaq ikən həyatını digər insanlara kömək etməyə, onlara şəfa verməyə həsr edəcəyinə burada qərar vermişdir. 

İlizarov aparatının İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusunun yüzlərlə hərbi qulluqçusunun taleyində xüsusi rol oynadığını xüsusi qeyd etmək lazımdır. Qavriil Abramoviçin ixtirası bir çox igid əsgərimizə bir daha ağrısız və əziyyətsiz həyat yaşamaq imkanı verdi.

OKİ klinikasının heyəti dahi ortopedin istedadına hörmət əlaməti olaraq İlizarov aparatını əbədiləşdirmək qərarına gəlmişdir. Müəllifi Fərhad Əzizov (NewMett), çəkisi 2,5 ton və hündürlüyü 6,5 metr olan metal qurğunun əsas ideyası xəstəlikdən qurtulmadır. Azadlıq simvolu olan göyərçinlər təbabətin insan ağrıları üzərindəki qələbəsini təcəssüm edir.

Abidənin açılışı OKİ klinikasının həkimlərini və mərhum professorun dünyanın müxtəlif yerlərində yaşayıb yaradan tələbələrini cəmləşdirən fondun səyləri sayəsində mümkün olmuşdur. Abidə, şübhəsiz ki, görkəmli ortopedin istedadına baş əymək istəyən bir çox insanı Qusara cəlb edəcək və şəhərin yeni bir simvoluna çevriləcəkdir.

Təsadüfi deyil ki, Qavriil Abramoviçin ildönümünü hamımız üçün əlamətdar bir gündə - Azərbaycan xalqının Milli Qurtuluş Günündə qeyd edirik. Bu baxımdan mərhum Prezident Heydər Əliyevin 1985-ci ildə Kurqan şəhərinə səfərini xatırlatmaq yerinə düşür. Səfər çərçivəsində o, Eksperimental və klinik ortopediya və travmatologiya üzrə Kurqan Tədqiqat İnstitutunu ziyarət etmiş, əfsanəvi həkim Q. İlizarovla görüşmüşdür. SSRİ hökumətinin yüksək vəzifəli üzvünün səfəri Kurqan klinikasının inkişafına təkan vermişdir. Heydər Əliyev mərkəz üçün bir çox mütərəqqi təşəbbüslər irəli sürmüşdür, nəticədə klinikaya xarici xəstələrin axını sürətlə artmış, dünyanın hər yerindən həkimlər təlim keçmək üçün Kurqana gəlməyə başlamışdır. Buradakı texniki avadanlıq da dəyişmişdir - İlizarov Mərkəzinin tibbi avadanlıqları siyahısına o dövrün ən son nailiyyətləri əlavə olunmuşdur.

Abidənin açılış mərasimində Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov, İsrailin Azərbaycandakı səfiri Corc Dik, Milli Məclisdə 53 saylı Quba-Qusar seçki dairəsini təmsil edən millət vəkili Anatoli Xaimoviç Rafailov, diaspor məsələləri üzrə mütəxəssis Yəhya Babanlı, OKİ klinikasının direktoru Dr. Malik Kərimov iştirak etmişlər.