Nevroloq Dr. Aybəniz Murtuzova tərəfindən STROKE mərkəzinin təşkilinə həsr olunmuş təlim keçirildi
OKİ Hospitalda nevroloq Dr. Aybəniz Murtuzova tərəfindən "STROKE mərkəzinin təşkili: əsas aspektlər və praktik yanaşmalar; insult keçirmiş pasiyentlərə yardım zamanı effektiv komandada işləməyin vacibliyi" mövzusunda təlim keçirilib.
Təlimdə insultun menecmentində multidissiplinar yanaşmanın rolu vurğulandı, komanda işi, peşəkarlıq və xəstəyə vaxtında müdaxilənin əhəmiyyəti bir daha ön plana çəkildi.
Dəyərli bilik və təcrübəsini bizimlə paylaşdığı üçün Dr. Aybəniz Murtuzovaya dərin təşəkkürümüzü bildiririk.
Bu kimi təlimlər komandamızın davamlı inkişafına və pasiyent məmnuniyyətinə xidmət edir.
Danimarkanın Herlev Universitet Xəstəxanasının insult şöbəsində baş insult mütəxəssisi olan nevroloq Aybəniz Murtuzova nevrologiya sahəsində mütəxəssis olmaqla yanaşı, son 5 ildə insult üzrə xüsusi ekspert olaraq fəaliyyət göstərir.
Herlev Universitet Xəstəxanasında nevroloji pozuntular və serebrovaskulyar xəstəliklər üzrə konsultantdır. Danimarkada həkim kimi 17 illik təcrübəsi var. Bu müddətin doqquz ilini nevrologiya, neyrocərrahiyyə və neyrofiziologiya sahələrində geniş tədqiqatlara və praktik işlərə sərf etmişdir. Dr. Aybəniz Murtuzova insult şöbəsində beş ildən çox iş təcrübəsi ilə yanaşı, daxili xəstəliklər, kardiologiya, geriatriya və ürək-damar/abdominal cərrahiyyə sahələrində klinik təcrübəyə malikdir.