OKİ Hospital - koronar angioqrafiya

Diaqnostika

Koronar angioqrafiya

Koronar angioqrafiya, boyalı bir mayenin tətbiqi ilə ürəyi qanla təmin edən və qidalandıran damarların (koronar damarların) invaziv rentgenoqrafik vizuallaşdırılması üsuludur. Angioqrafiya bədənin bütün damarları üçün həyata keçirilə bilər. Göz, beyin, ürək və ayaq damarları ümumiyyətlə ən çox araşdırılan damar sistemləridir. 

Kardiak kateterizasiyasının diaqnoz və müalicə məqsədilə istifadə edildiyi xəstəliklər:

·    Koronar arteriya, ürək qapağı və ya aorta damarı xəstəlikləri.
·    Ürək əzələlərinin fəaliyyətinin qiymətləndirilməsi.
·    Koronar balon angioplastikası və stentləmə, koronar bypass əməliyyatı, ürək qapaqları üçün invaziv və ya cərrahi müdaxilə kimi qabaqcıl müalicə üsullarının müəyyən edilməsi.

Koronar angioqrafiya necə icra edilir?

Koronar angioqrafiya zamanı qasıqda və ya qolda arteriyaya nazik, yumşaq plastik sheat (örtük) yerləşdirilir. Bu örtüyün içərisindən yumşaq və nazik plastik içi boş kateterlər ürək damarlarının çıxış yerinə irəlilədilir. Kateter xüsusi x-ray rentgen aparatının köməyi ilə koronar arteriyalara yönəldilir.
Kontrast maddə (angioqrafiya boyası) kateter vasitəsilə yeridilir və hərəkətli rentgen filmləri rəqəmsal olaraq qeydə alınır. Prosedurun bu hissəsi koronar angioqrafiya adlanır. Bu görüntülərə əlavə olaraq, bəzi xüsusi hallarda damardaxili ultrasəs (IVUS), optik koherens tomoqrafiya (OKT) və ya fraksiya axını ehtiyatı (FFR) ölçmələri kimi qabaqcıl görüntüləmə və qiymətləndirmə üsulları tələb oluna bilər. 

Koronar invaziv prosedur nədir?

Koronar invaziv prosedur ürəyə gedən qan axınını artırmaq üçün daralmış koronar arteriyaların açılması üçün cərrahi olmayan müalicə üsuludur. Koronar angioqrafiya zamanı daralmış və ya tıxanmış tac arteriyaları aşkar edildikdə, həkim və xəstənin birgə qərarı ilə eyni seansda və ya planlı şəkildə ayrıca seansda angioplastika və stent üsulu ilə müalicə oluna bilər. Bu qərarın verilməsi xəstənin klinik vəziyyətinə görə dəyişə bilər. Koronar invaziv prosedur koronar angioqrafiya ilə eyni formada başlayır. Balon angioplastika və stent koronar arteriyaların çıxdığı yerə kateter qoyulduqdan sonra koronar damarların açılması üçün icra edilir.

Balon angioplastika proseduru nədir?

Nazik bir kateterin ucunda yerləşən maye genişlənən balonu şişirməklə daralmış ürək damarında açılma təmin edə bilər. Balon angioplastika texniki olaraq perkutan koronar angioplastika (PTCA) və ya perkutan koronar müdaxilə (PCI) adlanır. Balon şişirdildikdə; yağlı lövhə tıxanmış arteriya divarlarına sıxılır və qan axınının artması təmin edilir.

Balon angioplastika necə icra edilir?

Əksər hallarda stent qoyulması balon angioplastika proseduru ilə birlikdə həyata keçirilir. Stent koronar arteriya daxilində dəstək təmin etmək üçün skelet rolunu oynayan kiçik, metal qəfəsdən ibarət borudur. Daralan arteriyaya stent yerləşdirmək üçün bələdçi telin üzərində irəlilədilən balon kateter istifadə olunur. Stent daralmış nahiyəyə çatdıqda, balon şişirilir və stent arteriyanın diametrinə uyğun olaraq genişlənir və damar divarına yapışır. Balon söndürüldükdən sonra stent qoyulduğu yerdə daimi olaraq qalır. Bir neçə həftə ərzində stent normal damar hüceyrələri (endotel) ilə örtülür. Stentlə angioplastika adətən 1-2 koronar arteriyada daralma və ya tıxanma olan xəstələrə tətbiq edilir. İkidən çox koronar arteriyada tıxanma varsa, koronar arteriya bypass əməliyyatı düşünülə bilər.

Hər sinə ağrısında angioqrafiya etmək olarmı?

Sinə ağrısı və ya təngnəfəslik şikayəti hər zaman ürək mənşəli olmur. İnsanlarda olan sinə ağrılarının çoxu ürək mənşəli deyil. Bu cür xəstə əvvəlcə ətraflı müayinə edilməli, onun şikayətləri diqqətlə dinlənilməli və ürək-damar daralması baxımından risk faktorları ətraflı öyrənilməlidir. Sinə ağrısı və ya təngnəfəslik şikayəti olan xəstədə ətraflı müayinə və aparılan bir neçə analiz (stress testi, elektrokardioqrafiya, exokardioqrafiya və s) nəticəsində ürək-damar daralması şübhəsi yaranarsa, o zaman angioqrafiya edilməlidir. Xəstəyə bunun vacib olub-olmadığını yalnız kardioloq deyə bilər.
Daralmış olan hər damara stent taxılmaz. Ürəyi qidalandıran əsas tac arteriyalar 2-4 mm diametrlik damarlardır. Həmin arteriyalardan ağacın budaqları kimi get-gedə incələn (yəni diametri azalan) yan damarlar çıxır. Adətən diametri 2 mm-ə çatan və angioqrafiyada daraldığı müəyyən edilən damarlara stent taxılmır. Çünki bu incə damarlara stent taxıldıqdan sonra keçən bir neçə ay ərzində onların tıxanma ehtimalı çox olur. Bu qədər incə damarların ayrıca qidalandırdığı ürək toxumaları az olduğuna görə bu damarların tıxanması böyük problemə səbəb olmur. Ona görə də daralmış olan incə damarlara stent taxmaq əvəzinə dərman müalicəsi məsləhət görülür.

Dərmanlı və dərmansız (normal) stent nədir?

Stent xüsusi metal və ya polimerlərdən hazırlanan teldən ibarət, iki ucu açıq olan silindr şəkilli qəfəsdir. Xalq arasında dərmanlı stentlərə çox vaxt “yağlı stent” deyilir. Dərmanlı stentlər normal stentlərin üstünün hüceyrə çoxalmasını əngəlləyən xüsusi dərmanlarla örtülmüş olanlardır. Bu dərmanlar taxıldıqdan sonra stentin tıxanma və ya daralma ehtimalını orta və ya uzun müddət boyunca azaldır. Bu stentlərin normal (dərmansız) stentlərə nisbətən tıxanma ehtimalı nisbətən azdır. Buna görə də daralmış ürək damarlarını açmaq üçün daha çox dərmanlı stentlərdən istifadə edilir. Lakin dərmanlı stentlər normal stentlərə nisbətən daha bahalıdır.

Şuntlama əməliyyatı, yoxsa stent taxılması? 

Hansı müalicə metoduna qərar vermək xəstənin damarlarındakI daralmalardan və onun tibbi vəziyyətindən asılıdır. Ürəyi qidalandıran üç tac damardan bir və ya ikisində stentlə açıla bilən daralmalar varsa, əvvəlcə stent taxılması məsləhət görülür. Ürəyin hər üç tac arteriyasında və ya sol ana tac arteriyada ağır daralmalar varsa, şuntlama əməliyyatı haqqında düşünməliyik. Çünki bu cür xəstələr şuntlama əməliyyatından daha çox fayda görə bilərlər. Ancaq bu, mütləq deyil. 
Tıxanmış damarın stentlə açılmasından sonra stentin yenidən tıxanmayacağının qarantiyası varmı? Taxılan stent nə qədər davamlı ola bilər? 
Daralmış ürək damarlarına stent taxaraq damar açıldıqdan sonra - istər dərmanlı, istərsə də dərmansız stentin bir daha tıxanmayacağına zəmanəti heç bir həkim verə bilməz. Adətən stent taxıldıqdan sonra 1 il ərzində tıxanmazsa, daha sonra tıxanma ehtimalı azalır. Ancaq stent taxıldıqdan sonra problem birdəfəlik aradan qalxmır. Taxılan stentin tıxanmasına bir neçə faktor səbəb ola bilər: xəstənin siqaret çəkməsi və ya əvvəllər çəkibsə, yenidən həmin vərdişə davam etməsi, şəkərli diabet xəstələrində qan şəkərinin nəzarət altında saxlanmaması, hipertoniyalı xəstələrin qan təzyiqinin uzun müddət nəzarətdə saxlanmaması. Digər bir faktor isə stressdir. 

“Stent taxıldı, dərman içməyi buraxmalıyammı?”

İstər stent taxılması, istərsə də şuntlama əməliyyatından sonra daralmış damar açılsa belə, xəstələr həkimlərin müəyyən ettiyi bəzi dərmanları ömür boyu içməlidirlər. Çünkü daralma və ya tıxanmanı ortadan qaldırırıq, amma taxılan stentin və ya damarın başqa yerlərində növbəti tıxanmaların olmaması üçün dərmanların qəbulu vacibdir. 

Stent tıxanarsa, təzəsi ilə əvəz edilə bilərmi?

Stentlərin qırılma ehtimalı olduqca azdır. Stent bir dəfə taxıldıqdan sonra onun bir daha çıxarılması və ya dəyişdirilməsi mümkün deyil. Stentlər köhnəlmir, ancaq tıxana bilər. Əgər taxılan stent tıxanarsa, ya o stentin içi xüsusi balonlarla açılır və ya heç bir müdaxilə edilmir, ya da digər damarlardakı daralmalar da nəzərə alınaraq digər müalicə metodu olan şuntlama əməliyyatı məsləhət görülür.
Stent taxıldıqdan və ya şuntlama əməliyyatından müəyyən müddət sonra hər kəsə nəzarət üçün angioqrafiya edilməlidirmi? 
Stent taxılan və ya şuntlama əməliyyatı aparılan xəstələr, heç bir şikayətləri olmasa belə, müəyyən müddət müntəzəm şəkildə müayinədən keçməlidirlər. Ancaq heç bir şikayəti olmayan, müayinə və ya bəzi analizlərində (stress testi, elektrokardioqrafiya, exokardioqrafiya və s.) problemi  olmayan xəstəyə illər keçsə də nəzarət üçün angioqrafiya etmək tələb olunmur.

"OKİ Hospital"da angioqrafiya təcrübəli həkimlər tərəfindən ən müasir avadanlıqlarla aparılır.

Mütəxəssislərimiz sizə günün 24 saatı, həftənin 7 günü kömək etməyə hazırdırlar.

"OKİ Hospital" həm ödənişli, həm də İTS və KTS xəstələri ilə işləyir.