Konqresdə 20 ölkədən 400-ə yaxın mütəxəssis ürək-damar cərrahiyyəsinin gələcəyini müzakirə etdi
16–18 may 2025-ci il tarixlərində “Gülüstan” sarayında Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi baş tutdu. Konqresin əsas məqsədi Azərbaycanda kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsinin inkişafına dəstək vermək, beynəlxalq təcrübə mübadiləsini gücləndirmək və bu sahədəki ən son elmi yenilikləri müzakirə etmək idi.
OKİ Hospital olaraq, bu nüfuzlu tədbirin rəsmi sponsoru qismində çıxış etməkdən və elmi-tibbi əməkdaşlığa öz töhfəmizi verməkdən qürur duyuruq. Bizim üçün bu cür təşəbbüsləri dəstəkləmək yalnız sosial məsuliyyət deyil, həm də səhiyyənin inkişafına yönəlmiş uzunmüddətli strateji yanaşmamızın bir hissəsidir.
Konqres çərçivəsində dünyanın 20 ölkəsindən 400-ə yaxın tanınmış kardioloq və ürək-damar cərrahı bir araya gələrək, ən aktual tibbi mövzular ətrafında fikir mübadiləsi apardı. Tədbirdə canlı ürək əməliyyatı yayımı, gənc cərrahlar üçün ixtisasartırma kursları, elmi sessiyalar təşkil olundu.
Konqres zamanı Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşəbbüsü ilə ötən il Türkiyədə təsis edilmiş Türk Dünyası ürək-damar cərrahiyyəsi Birliyinin Zirvə toplantısı baş tutdu.
OKİ Hospital olaraq gələcəkdə də tibbin inkişafına yönəlmiş bu cür təşəbbüsləri dəstəkləməyə davam edəcəyik.