OKİ Hospital və Xaçmaz RMX arasında əməkdaşlıq region əhalisinin müasir diaqnostika xidmətlərinə çıxışını genişləndirir
Xaçmaz RMX-da OKİ Hospital tərəfindən Kompüter Tomoqrafiyası xidməti göstərilməyə başladı. OKİ Hospital region əhalisinin sağlamlıq xidmətlərinə çıxışını genişləndirmək məqsədilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında Kompüter Tomoqrafiyası cihazını istifadəyə verib.
Yeni xidmətin təqdimat mərasimində Xaçmaz Rayon Mərkəzi xəstəxanasının direktoru Səyyaf Tağıyev, baş həkimi Əhməd Əhmədov, radiologiya şöbəsinin müdiri Elnur Qurbanov və OKİ Hospitalın baş həkimi, radiologiya şöbəsinin müdiri Fachartz radioloq Dr. İlham Kərimov çıxış etdilər. Çıxışlarda yeni şöbənin açılması Xaçmaz rayonu və ətraf bölgələrin sakinləri üçün böyük əhəmiyyət daşıdığı xüsusilə vurğulandı. Artıq pasiyentlər müayinə üçün başqa rayonlara üz tutmadan, birbaşa Xaçmaz RMX-da müasir kompüter tomoqrafiyası xidmətindən yararlana biləcəklər.
Xüsusilə İcbari Tibbi Sığorta ilə müraciət edən vətəndaşların rahatlığı qeyd olunub. Belə ki, bundan sonra onlar Qusara getmədən, elə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına müraciət etməklə bu müayinədən keçə biləcəklər. Yeni açılan şöbə əhalinin vaxtına qənaət etməklə yanaşı, erkən diaqnostika imkanlarını da artıracaq və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək.
OKİ Hospitalın komandası üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanası ilə əməkdaşlıq etmək böyük məmnuniyyətdir. TƏBİB-in vasitəçiliyi ilə mümkün olan bu əməkdaşlıq sayəsində güclərimizi birləşdirərək, əhalinin sağlamlığı naminə daha çox iş görə biləcəyimizə inanırıq. Birgə fəaliyyətimiz bizim üçün qürur mənbəyidir və biz bu yolda əzmlə irəliləməyə davam edəcəyik.