OKİ Hospital MMC və Qusar RMX-nın birgə təşkilatçılığı ilə keçirilən aksiyada 150-dən çox qadın ödənişsiz müayinədən keçdi
16–18 sentyabr 2025-ci il tarixlərində OKİ Hospital MMC və Qusar Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Qusar rayonunun Həzrə kəndində “Qadın Sağlamlığı” adlı tibbi aksiya həyata keçirildi.
Aksiyanın məqsədi 40 yaşdan yuxarı qadınlarda uşaqlıq boynu və süd vəzi xərçəngi risklərini vaxtında aşkarlamaq, həmçinin qadınların sağlamlıq mövzusunda maarifləndirilməsini təmin etmək idi.
Üç gün ərzində keçirilən tədbirdə qadınlara ödənişsiz ginekoloq və mammoloq müayinəsi, süd vəzilərinin USM-i, kolposkopiya (PAP test), ginekoloji yaxmanın mikroskopik müayinəsi və digər müayinələr təqdim olundu.
Tibbi xidmətləri Dr. Tamara Babayeva, Dr. Əzinə Kərimova, Dr. Kamilla Qurbanova, Dr. Lalə Hüseynova, Dr. Alina Kazımova və Dr. Baxış Abdulsəmədov həyata keçirdilər.
Nəticədə 150-dən çox qadın müayinədən keçdi, 40-dan çox kolposkopiya, 130-dan artıq ultrasəs, 100-dən çox EKQ və çoxsaylı laborator analizlər aparıldı. Qadınlar həmçinin İcbari Tibbi Sığorta üzrə elektron göndəriş alaraq OKİ Hospital MMC-də mammoqrafiya, MRT, KT və digər müayinələrdən endirimli şərtlərlə faydalanmaq imkanı qazandılar.
OKİ Hospital bildirir ki, qadın sağlamlığına dəyər vermək gələcəyimizə edilən ən böyük sərmayədir.